Ariz Abduləliyev,
"91-lər" ictimai-siyasi hərəkatının üzvü
ariz-abdulaliyev@mail.ru
***
Hörmətli Sevil xanım!
"Space" TV-nin rəhbəri Vaqif Mustafayevi vəzifəsindən azad etməyiniz barədə məlumatı mediadan oxudum. Çox sevindim. Bu qərarınız şübhə etmirəm ki, milyonlarla tamaşaçının da ürəyincədir. Çünki müasir tamaşaçı "Space" də daxil olmaqla televiziyaların illərlə səngiməyən bayağılığından təngə gəlib. Açığı, Sizdən belə bir qəti, konstruktiv münasibəti və ədalətli qərarı çoxdan gözləyirdik. Ona görə ki, "Space" ötən illər ərzində nəinki kanalın təsisçisi və sahibi kimi Sizin, həm də tamaşaçıların etimadını və rəğbətini sona qədər doğrultmadı.
Vəziyyət Sizin açıqladığınız kimidir.
"Space" cəmiyyətin anbaan artan, dəyişən informasiya tələbatları ilə, daim inkişaf edən tamaşaçı zövqü ilə, sürətlə yeniləşən bədiilik və maarifçilik funksiyalari ilə, müasir şou-əyləncə texnologiyaları və şəffaf PR ilə ayaqlaşa bilmədi. Öz üzərində ciddi işləmədi, peşəkar komanda qura bilmədi, müasir teleinnovasiyalara inteqrasiya etmədi, ölkənin inkişafından geri qaldı.
"Space" dünyanın müasir televiziyalarının tamaşaçıya ünvanlanan aktual mövzularını təhlil edə və öz işinə gətirə bilmədi, tamaşaçının gözlədiyi çoxçeşidli informasiya, bədii və əyləncə proqramlarını professional səviyyədə qura bilmədi.
"Xalqa bu lazımdır, bunu da veririk" kimi populist tezislə işləyib, bu cılız bəhanə ilə yaxasını əsl işdən, çətinlikdən, böyük telepeşəkarlıqdan kənara çəkdi. Ucuz reytinq ardınca qaçdı, özəl kanal kimi reklam əldə etməyin texnologiyasını qərəzli və qeyri-obyektiv reytinq qurumlarının siyahısında yer almağa qurban verdi, mənfi mənada "kütləşünas" oldu.
Kanal əhaliyə hind kinosundakı sadəlövh, gülüş doğuran, yeyib-yatmaqdan savayı bir az da romantik "ədalət aşiqi" olan və həmişə oxuyub-oynayan avam kütlə kimi yanaşdı, sanki tamaşaçısını "doladı". Tamaşaçının başını ermənilərin musiqimiz barədə təhqiramizcəsinə uydurduğu "üç badam, bir qoz" ifadəsinə qədər endirilmiş "mahnılar" ilə, əl çalıb-çırtıq vurub oynamaqla qatdı.
Bəlkə belə "iş metodu" ölkənin televiziya rəhbərlərinin əhaliyə, tamaşaçı tələbatına "yuxarıdan aşağı", saymazyana, təkəbbürlə, özündənrazılıq psixologiyası ilə yanaşmasından irəli gəlir? Bəlkə qeyri-peşəkar səviyyələrindən, bəlkə işlərinin məsuliyyətini lazımınca dərk etməməkdən, bəlkə də intellektual və peşə mədəniyyətinin azlığından irəli gəlir?
Bəlkə maddi-texniki bazanı gücləndirməyə, müasir kanal qurmağa, peşəkar komanda yaratmağa, yaxşı maaş və qonorar verməyə pulları, büdcə vəsaitləri çatmır, ya bəs etmir?
Bəlkə sosial sifarişə, ictimai rəyə və qınağa biganədirlər?
Bəlkə, efirin milli dalğalarını anlaya, başa düşə, tuta bilmirlər?
Bəlkə, sadəcə, "televiziya adamı" deyillər?
Təkcə "Space" televiziyasımı?
Peşəkarlıq - ölkə televiziyalarının hələ də çata bilmədiyi yüksəklik olaraq qalır. Buna ən müxtəlif səbəblər göstərilir, müsbət nəticələrə hesablanan əməli iş isə hələ ki yoxdur, yaxud olduqca azdır. Əvəzində daim artan qeyri-peşəkarlıq, aktual olmayan, zövqsüz və mənasız verilişlər, şit, bayağı, əttökən, hətta deyərdim tamaşaçılara və televiziya mütəxəssislərinə utanc gətirən "şou"maniya, lağlağılar, bəsit söhbətlər və intervülər, etikasız verilişlər, bitib tükənməyən və ikrah doğuran yersiz təriflər, lazımsız mədhiyələr, ağıllı görünmək sindromu, məsləhətçilik adəti...
Hətta televiziyaların etik normalarını aşan görüntülər, hərəkətlər, bədən oynatmaları, şouyana ifadələr, ədabaz sözlər, küçə ibarələri, iri planlı pozalarda gülünc çıxışlar, qondarma artistizm...
Hətta məhəlli danışıqlar və davranışlar, məişət dedi-qoduları və şəxsi həyat təfərrüatları, kimin harada istirahət etməsi, nə yeməsi, hansı maşını sürməsi, hansı toya nə qədər pul salması, necə xörək bişirməsi, hansı ənlik-çirşanı və ətiri bəyənməsi, kimin kimlərin övladı və ya qohumu olması, qarşılıqlı umu-küsülərin tarixçəsi və "məhkəməsi", atmacalar, tərbiyəsiz lağlağılar, yekəxana mənəm-mənəmlik, istedadsızlıq...
Hətta rəhbərliyin şəxsi tanışı olan ayrı-ayrı adamların həddən ziyadə təbliğinə hesablanan kliplər, dialoqlar, verilişlər, reklamlar...
Bir sözlə, müasir televiziya anlayışına və normativlərinə heç cür yaraşmayan və hec vəchlə sığmayan bir iş, bir fəaliyyət, bir durum. Bir sözlə, başdan-ayağa bəsitlik, bayağılıq, istedadsızlıq və qeyri-peşəkarlıq.
Hörmətli Sevil xanım!
Vaqif Mustafayev kifayət qədər peşəkar rejissor təhsili və təcrübəsi olan incəsənət xadimidir. Azərbaycan xalqı ona yaradıcı insan kimi hörmətlə, rəğbətlə yanaşır. Lakin görünür, o, peşəkar və təcrübəli kino rejissoru olsa da, televiziyanın spesifik xüsusiyyətlərini, iş prinsipini, televiziya metodlarını, onları təşkil etməyin mexanizmini, necə deyərlər, televiziyanın "mətbəxini" o qədər mütəxəssis dərinliyi ilə bilmir. (Bu xüsusda vaxtilə "Space" kanalına rəhbərlik etmiş Etibar Babayevi müqayisə üçün xatırlatmaq istəyirəm).
Xeyr, V.Mustafayev televiziyaya sədrlik etdiyi xeyli vaxt ərzində teleməkana, mediaya, demək olar heç bir yenilik, heç bir fərqli və yeni baxış, müasir telemedia konsepsiyası, heç bir "yeni söz", yeni proqram siyasəti gətirə bilmədi. Olsa-olsa özünün "sadə həqiqətlərini" ictimaiyyətə çatdırmaq adı ilə keçmiş məmurları, sosial şəbəkə "qəhrəmanlarını", ictimai kişiləri kanala çağırıb "doladı", xalqa məlum mövzularla və irəlicədən düşündüyü sadə rejissor üsulu ilə onları istədiyi gülünc, ironik obrazda oynatdı, onları gülünc duruma, özünüifşa vəziyyətinə salmaqdan sanki həzz aldı. Yəqin televiziyadakı istedadı, bacarığı, ideyası və təşəbbüskarlığı yalnız buna çatırmış? Hətta bir vaxtlar K.Həsənli adlı "məşhur şoumen" ilə işbirliyi qurub dilimizi, rayon ləhcələrini və aşıq sənətini də əməlli-başlı ələ saldı, təhqir elədi. Hətta bir vaxtlar "Planeta parni", "Bu şəhərdə" oyunbazlarının küçə və tərbiyəsiz jarqonlarından ibarət "tamaşalarını" da yayımladı. O, televiziyanı öz filminin "fransız" qəhrəmanı kimi - "siz də millət olun də" istehzası ilə idarə etməyə üstünlük verdi, amma millətə irəli getməyə kömək eləmədi, əksinə aşağı əyarlı iş apardı. Əhalimizin bədii zövqünü Hindistanda da baxılmayan hind serialları bolluğuna salıb, korladı. Hətta kanalı manısların konkursuna, istedadsız toyçalanların və oxuyanların konsert məkanına, çırtıq vuran meyxanaçıların oylağına, qədeş məhəlləsinə çevirdi və kanaldakılar bundan bolluca "qaz vurub", cib doldurdular.
Niyə məhz hind kinoları? Məgər Azərbaycan tamaşaçısının kino haqqında təsəvvürünü başqa filmlərlə inkişaf etdirmək, yeniləmək olmazdımı? Sonra da rejissorlar yaxşı tamaşaçının qıtlığından, zövqsüzlükdən, dəyərləndirmə problemindən şikayətlənirlər. Buyurun, Vaqif müəllim illərlə sahib olduğu imkanlardan peşəkarlıqla yararlanıb əhalimizin bədii zövqünü, kino seçimini düzgün formalaşdıra bilərdi, ən azı kino tarixi və rejissor məktəbləri haqqında maarifləndiriçi verilişlər təşkil edə bilərdi, gənc rejissor və aktyorlara meydan verə bilərdi... İş görə bilən istedadlı insan üçün bundan yaxşı fürsət? O isə manısları, aşağı problu şoubazları və hind kinolarını seçdi. Görünür, V.Mustafayev televiziya kanalındakı işinə də baxılmayan hind kinosu kimi yanaşırmış və kino rejissoru kimi daxilində çal-çağırlı, "ağlamalı" hind filmlərinə bir bağlılıq, bədii-genetik rəğbət yaşayırmış? Bəlkə kanalı və işi kimi, öz filmləri də elə "hindsayağıdır"?
Yeri gəlmişkən, mən V.Mustafayevin bədii filmləri haqqında kino tənqidçilərinin və sənətşünasların yüksək rəylərinə zərrə qədər də toxunmadan tələbkar bir tamaşaçı kimi bildirmək istəyirəm ki, çəkdiyi bədii filmlərin heç də hamısını şəxsən bəyənmirəm. Əksəriyyəti (əlbəttə, bəziləri istisna olmaqla) hər mənada zəifdir. Mənim üçün V.Mustafayev (və yeri gəlmişkən Ramiz Həsənoğlu da) bədii film çəkə bilməyən rejissordur, bu həqiqəti öz kinoları ilə də nümayiş etdiriblər. Lakin onlardan birinicisi sənədli filmlərin, ikincisi telekomediya teatrının əsl ustasıdır, lideridir. Bu sahədəki işləri kifayət qədər maraq, dəstək və rəğbət qazanıb. Xüsusilə, V.Mustafayevin Heydər Əliyevə həsr etdiyi sənədli filmlər istər mövzunun həlli, istər rejissor işi, istər ssenarisi, istərsə də ideya, dokumentalistika və tarixilik baxımdan yüksək dərəcədə peşəkar nümunələrdir.
Hörmətli Sevil xanım!
Təəssüf ki, ölkəmizin televiziya şirkətlərinin böyük əksəriyyəti hazırda qənaətbəxş səviyyədə işləyə bilmir, yenilənə bilmir, tamaşaçı və peşəkarlıq qarşısında məsuliyyət hissi daşıya bilmir, necə deyərlər, "ucundan tutub ucuzluğa gedirlər". Etiraf edək ki, problemlərin əsas səbəbi və səbəbkarı elə telekanalların rəhbərləridir. Ölkədə fəaliyyət göstərən televiziya və radio kanallarının əvvəlki və hazırki başçılarının hamısı vaxtilə Ramiz Mehdiyev, Əli Həsənov və Eldar Mahmudov tərəfindən irəli sürülən yarıtmaz kadrlardır. Nəticəsi də məhz gözlənilən kimidir. Özlərinə professional, işgüzar, intellektual mədəniyyətli, təcrübəli işçi komanda formalaşdırmaq, dünyanın aparıcı televiziyalarının təcrübəsini dərindən öyrənmək, bazarı təhlil etmək, onlardan faydalanmaq və öyrənmək, sağlam yaradıcı kollektiv yaratmaq, cəmiyyətdə olan tələbatları, rəyləri, çatışmaqlıqları və sosial sifarişləri müntəzəm təhlil etmək, əlaqələr qurmaq əvəzinə tanışbazlıqla, yerlibazlıqla, şəxsi mənfəətlə, mənsəbpərəstliklə, subyektiv yaşamla, merkantil maraqlarla, daha nələrlə, deyilməsi utanc gətirən işlərlə məşğul olurlar, xəstə eqo patologiyası ilə davranılar.
Təkəbbür, özündən razılıq, əvəzolunmazlıq sindromu, mənəm-mənəmlik, lovğalıq, qeyri-tənqidi və qeyri-sağlam mühit, nəyin bahasına olur-olsun varlanmaq hərisliyi, yaradıcı mənin və istedadın kasadlığı, idarəetmənin və şəxsi mədəni səviyyənin olmaması kimi acınacaqlı və böhranlı mənəvi, peşəkar və fəaliyyət durumu telekanallarda ayaq açıb iri addımlarla cəmiyyətimizin üzərinə yeriyir.
Nə nəzarətçiləri var, nə də yoxlayanları və qayda-qanun, iş tələb edənləri; nə tənqidçiləri var, nə də cəza, töhmət və "qulaqburma" verənləri; nə çəkindikləri məmur var, nə peşəkarlıq və yaxşı maaş tələb edən işçiləri var, nə də iş görə bilən qabiliyyətləri, ideyalı və təşəbbüskar qafaları. Əksinə, R.Mehdiyevin və Ə.Həsənovun təqdimatı ilə vəzifəyə qoyulmuş bu rəhbərlər, və ya müavinlər özlərini hamıdan toxunulmaz, hamıdan ağıllı, hamıdan bacarıqlı, hamıdan vacib insan sayırlar.
Diqqət edin. Mədəni səviyyəsinin, dünyagörüşünün, peşəkarlığının və səmimiliyinin aşağı həddi verilişin elə ilk anından bilinən qadın, kişi aparıcılar telekanallarda fironluq edirlər. Axı onları televiziyalara gətirib, qoruyub, "gül kimi" bəsləyənlər, ölkənin "aktual şəxsiyyətinə" çevirənlər kimlərdir?
Biliyi, məlumatı, peşəkar hazırlığı, mədəniyyəti və dünyagörüşü müasir televiziya meyarlarına və tamaşaçı tələbatına cavab verməyən, danışa bilməyən, təfəkkürü, istedadı və bacarığı aşağı səviyyədə olan insanlar kanallarda, departamentlərdə, redaksiyalarda, verilişlərdə, şöbələrdə müdirlik, redaktorluq, rejissorluq, müəlliflik, aparıcılıq edirlər. Onlar öz səviyyələrində olan sədrləri, rəhbərləri, rejissorları, müdirləri ilə əl-ələ verib ölkənin aşağı səviyyəli "manıs", "artist",
"doxtur", "şair-filosof", "siyasətşünas", "müdir", "sədr", "kulturoloq", "yazar", "jurnalist", "psixoloq", "əcnəbiyi-məzun", "biznesmen" və "iqtisadçı" cameəsini, bunların sözünü, rəyini, fikrini daimi "ekspert" qismində həmişə tamaşaçılara ötürürlər. Özlərinə beləcə "qara televiziya bisnesi" qurublar...
Hər kanalın necə deyərlər, öz standart və növbətçi "ekspertləri", "sözdeyənləri", "ağıllıları", "məsləhət verənləri", "şou personalları", "çalıb-oxuyanları","əlçalanları", "ziyalıları" vardır ki, əhali onları on illərlə kanallarda görməkdən və dinləməkdən artıq bezib, zinhara gəlib və tükənib. Bunun müqabilində isə televiziyalar tamaşaçı münasibətini saymırlar, çünki ortada "cib marağı" var...
Yüzlərlə istedadlı gənc, öz sahələrində nailiyyətlər qazanan mütəxəsisslər, ölkəmizi müxtəlif sahələrdə layiqincə təmsil edən elm, incəsənət adamları, idmançılar, jurnalistlər, ictimai fəallar, QHT-lər, yüzlərlə dəyərli insanlar, alimlər, bəstəkarlar, rəssamlar, dirijorlar, ifaçılar, şairlər, heykəltaraşlar, politoloqlar, sosioloqlar, tədqiqatçılar, mütəxəssislər, vaxtilə xidmətləri olmuş peşə sahibləri, döyüşçülər, müəllimlər, bölgə ziyalıları kanallara çağırılmırlar, ölkəyə təqdim olunmurlar, efirə həsrət qoyulurlar. Onların fikirləri, rəyləri, baxışları, nailiyyətləri, əməyi heç öyrənilmir, təbliğ olunmur, ictimaiyyətin nəzər-diqqətinə çatdırılmır. Nəticədə özünə hörmət edən mütəxəssislər, bilikli və mədəniyyətli insanlar, alimlər, tədqiqatçılar, sənətçilər, sahələrə və ölkəyə uğur qazandıranlar televiziyaya çıxmaqdan utanırlar...
Televiziyalar millətə elə hey təbliğ və təlqin edirlər ki, yaxşı alimi, yaxşı sənətkarı, dəyərli gəncləri, vətənsevər məmurları, ağllı düşünən beyinləri, ağıllı fikri, layiqli ziyalıları, öz tarixini və mədəniyyətini tanımaqdansa, elm, texnika və təhsildəki nailiyyətləri bilməkdənsə, bax, bunlarıca tanı və dinlə, sonra da bəsit komediyalarımıza, lağlağı şoularımıza, istedadsız seriallarımıza, qeyri-peşəkar dublyaj və tərcümə olunmuş filmlərimizə, şit zarafatlarımıza, manıs-manısca oxuyanlarımıza, dahimaniyalı aparıcılarımıza baxıb arsız-arsız gül, uyğunlaş, əl çal və kef elə, vəssalam, bu qədər bəsindir.
Təsəvvür edin, qeyri-peşəkarlıqdan, anti-sənətdən, lağlağıdan, əttökən "komediya"dan savayı bir işi bacarmayan "aktyorlar", istedadsız aparıcılar, rejissorlar və ssenari yazanlar, sıradan manıslar, dələduzlar, toy musiqiçilərinin şəxsi problemləri, rayon toylarının oxuyub-çalanları, rayon və kənd toylarının yeyib-içənləri və oynayan qohum-əqrəbalar, bir-birindən qisas alan arvad və kişilər, düşmənçiliyi olan nəsillər, aliment ala bilməyən qadınlar, atasını tapa bilməyən qızlar, anasından ayrı düşmüş kişilər və s. teleefiri zəbt ediblər, millətə ailə-övlad tərbiyəsindən, mənəvi dəyərlərdən, tarixdən, sənətdən "dərslər" verirlər, öyüd-nəsihət keçirlər, cəmiyyətə və şəxsi rəqibinə mesajlar göndərirlər. Kanallarda şəhər, rayon, kənd camaatının şəxsi ailə münaqişələri, qohumarası ziddiyyətləri, əxlaqsız hərəkətləri "milli problem" adı ilə müzakirəyə çıxarılır.
Xüsusilə İTV, Space, ATV, Lider, Xəzər, ARB televiziyalarının çox bəsit komediya və şou- əyləncə siyasəti ciddi narahatlıq doğurmaya bilmir. Bəli, ölkədə teatr, kino və televiziya tənqidi, musiqi təniqidi yox dərəcəsindədir. TV-lərə qarşı ictimai qınaq da yoxdur, lakin olsa belə, lazımi qurumlar, televiziyaların özləri bu qınağı veclərinə almırlar.
Yuxarıda adı çəkilən kanallarda və vaxtilə ANS-də illərlə yayımlanmış, lağ-lağı, tərbiyəsizlik, qeyri-peşəkarlıq, bəsitlik, təhqir və şitlik ilə yoğrulmuş, əsl komizmdən, aktyorluqdan, bədii mahiyyətdən, peşəkar maraqdan, istedaddan, etika normalarından və teleşou standartlarından tam uzaq olmuş "Qulp", "Bozbash picters", "Stand up Baku", "Çal çağır", ""Bacanaqlar", "Buğlama", "Fəlidən doğru xəbər", "Şou xəbər", "Külləmə", "Tap qazan", "Ay ev yiyəsi", "Mikayıl şou", "Dana şou", "Şou Şu", "Sunayla Sina", "Şou ATV", "Maqazin", "Ay Zaur", "Bu şəhərdə", "Planeta parni iz Baku", "Praym-şok", "Şeş beş", "Sevimli mahnı", "Prime time", "Ad günü", "5-də 5", "Hər şey daxil", "7 canlı", "Birə bir", "Köndələn" və s. bu kimi "komediya" tamaşaları, "teatr" verilişləri, "əyləncəli və şoy verilişlər", qeyri-peşəkar seriallar ötən illərdən üzü bəri tamaçaların zövqünü
əməlli-başlı korlamış, gənc nəsillərdə və hətta deyərdim, əhalimizdə komediya, teatr, şou, sənət, bədillik, məzmun, yaradıcılıq, televiziya, millilik, ənənə, müasirlik anlayışlarına çox zövqsüz, lağlağı, şit, qeyri-etik, qeyri-ciddi, meşşan, bayağı və məişətçi bir münasibət formalaşdırmışdır.
Üstəlik, yuxarıdakı adlara fikir verirsinizmi? Bu adlar onları yaradanların, hazırlayanların, yazanların, onlara efir verənlərin, onları ifa edənlərin barəsində hansı rəyi doğurur? Bu adlar cəmiyyətə özü, müəllifi, iştirakçıları barədə nəyi deyir? Görəsən bu qədər televiziya kanalında verilişlərə adicə münasib ad qoya bilən normal qafa, düşüncə sahibi tapılmır? Bu qədər istedadsız, təşəbbüssüz iş, bu qədər mövzu və ssenari kasıblığı, bu qədər də qeyri-peşəkarlıq, bu qədər lağlağı, bu qədər aşağılamaq, bu qədər biabırçılıq olar? Dilimiz, ləhcələrimiz, sənət və mənəvi dəyərlər nə vaxta qədər gülüş yarada bilməyən istedadsız adamların istedadsız və biabırçı oyunlarının, verilişlərinin "gülüş yaratmaq" qurbanı olacaq?
Təəssüf ki, "Space" TV də bu yolu tutdu.
Tamaşaçının kanalı elə anındaca dəyişmək imkanı olmasaydı...
Hörmətli Sevil xanım!
Nə yaxşı ki, Siz bu yolda qətiyyətli addım atdınız. İnanırıq ki, Siz "Space" kanalının rəhbərini deyil, həm də bu kanalın rejissor, redaktor, departament, rəhbərlik, müəllif kontingentini də dəyişəcəksiniz. Çünki "Space"də yaranmış durum yalnız Vaqif Mustafayevin deyil, ümumən onun ətrafındakı komanda üzvlərinin də günahı, işləyə bilməməsi, təkəbbürü, qızıl qaydaları öz merkantil maraqlarına qurban verməsi səbəbindən baş veribdir.
Məsələn, xatırladım ki, "qaynarinfo.az" saytı 27.05.2020 tarixli buraxılışında Əməkdar artist T.İmanovun dilindən Rəşid Behbudovun kürəkəninin "Space" kanalına bayağılıq, bayağı musiqi və əyləncə verilişləri gətirdiyini yazmışdı (https://qaynarinfo.az/az/resid-behbudovun-kurekeni-space-tvde-bayailii-tebli-edir-video). Faktın nə qədər doğru olub-olmadığını bilmirəm. Hər halda, bu TV-də Vaqif Mustafayevin rəhbər ətrafının olması həqiqətdir. Onların keyfiyyətsiz işinə, yararsız fəaliyyətinə, özbaşınalıqlarına isə sədr V.Mustafayev nədənsə illərlə göz yumub, yəqin "öz işinizdə olun" deyib və özü də "öz işində" olub. Deyək ki, V.Mustafayev günahkardır. Bəs həmişə "Rəşid Behbudovun kürəkəni" adlandırılan Kamil Şahverdiyev kimdir? O ki kanalda V.Mustafayevlə birlikdə aparıcı rəhbər idi, icraçı direktor vəzifəsi daşıyırdı, söz sahibi idi, ali musiqi təhsili var. Bəs o işlədiyi illər ərzində kanalın bu qədər böhrana, acınacaqlı duruma düşməsinin qarşısını niyə almadı? Axı Rəşid Behdudovun kürəkəni olmaqdan savayı, bu adam illər ərzində əla televiziya işçisi kimi ad-san, yenilikçi, işgüzarlıq və peşəkarlıq nüfuzu da qazana bilərdi.
Mən bu məqamda "Space" TV-nin şəraitini də düşünürəm. Məkan darlığı var, studiyalar və dizayn zövqsüz və şəraitsizdir, müasir texniki aparatlar və avadanlıqlar azdır və ya yoxdur. Köhnə kameralar, köhnə mebellər, mikrofonlar, stol və stullar... Hətta sarı rəngli köhnə bir divanları və onun da iki sarı rəngli köhnə kreslosu var ki, bütün verilişlərdə "göz oxşayır". Bu nədir? Kanal sahibinin, yoxsa sədrinin, maliyyə-təsərrüfat rəhbərinin, yoxsa icraçı direktorun, müavinin, yoxsa prodüsserin və departamentlərin günahıdır? Bəs indiyə qədər milyonlar nəyə, kimə, hara xərclənib?
Uman yerdən küsərlər. Müasir Azərbaycan tamaşaçısının AzTV, Mədəniyyət kanalı, İTV, ATV, Space, Xəzər, ARB teleradio şirkətlərindən gözləntiləri çoxdur. Səmimi deyirəm, inanın, insanlar 44 günlük Vətən müharibəsində sevinirdilər ki, televiziyaların yararsız, aktual olmayan, qeyri-peşəkar, standart verilişlərindən, eyni məzmunlu, bir-birini təkrarlayan xəbərlərindən, şit, bəsit, əttökən, lağlağı komediya və şou yayımlarından və heç bir sənət, etika əndazəsinə sığmayan bayağı əyləncə verilişlərindən canı qurtartdı. Həqiqətən də Azərbaycan əhalisi bu 44 gündə televiziyaların bayağılığından az da olsa dincəldi. Amma nə edəsən ki, qələbədən sonra yenə öz "axarlarına" davam etdilər. Baxın, hətta sevimli "Mədəniyyət" kanalı da açıq görünən qədər zəifləyib. İş o yerə çatıb ki, konsert proqramları qurmaq əvəzinə youtube kanalının hazır videolarını yayımlamaqla məşğuldur...
Əgər televiziya kanalları haqqında sosial rəy öyrənilsə, sorğular keçirilsə, o zaman bir daha bəlli olar ki, ölkə əhalisinin bəlkə də yarısı mütəmadi olaraq yerli telekanallara qətiyyən baxmır, üstəlik övladlarını, yaxınlarını da baxmaqdan çəkindirirlər. Çünki yüksək dəyərlər, meyarlar, ölçülər, baxışlar və mövqelər televiziya kanalları tərəfindən tapdalanıbdır, onlar əhalimiz üçün sayılmaz və baxılmaz bir vəziyyətə qoyulubdur.
Hörmətli Sevil xanım!
Paytaxt Bakı şəhəri ilbəil böüyür, durmadan inkişaf edir, sıxlaşır. Dünən qıraq, uzaq sayılan yerlər, artıq mərkəz sayılır. "Kənar yer - mərkəz yer" münasibətləri dünən olduğu kimi qalmır və həmişə koordinal şəkildə dəyişir. Məsələ də bundadır ki, dünən televiziyaların yerləşdiyi şəhərkənarı məkanlar bu gün əhalinin sıx yaşadığı ünvanlara, kompleks yaşayış məhəllələrinə, məktəblərin, universitetlərin, müəssisələrin yaxınlığına çevrilib.
Diqqət etsək, televiziyaların ünvanları paytaxtın mərkəzi hissələrində, əhalinin sıx yaşadığı radiuslarda yerləşir ki, bu da zənnimcə yolverilməzdir. Nümunə olaraq, "Space" TV iki ümumtəhsil orta məktəbin, Milli konservatoriyanın, İncəsənət gimnaziyasının, daim gediş-gəlişli prospektin, küçələrin, Fəxri Xiyabanın, Dövlət Təhlükəsizlik Xidmətinin, Mərkəzi Klinikanın, parlament binasının, Badamdar qəsəbəsinin, AMEA Texnologiya parkının, YAP Yasamal təşkilatının, Müdafiə nazirliyinin və FHN-nin yaxınlığındadır. Üstəlik də bu sadalanan ünvanların yaxınlığında daha iki televiziya - AzTV və ATV yerləşir.
Sirr deyil ki, bu televiziyalar öz yaxın əraziləri və yaxın yerlərdə yaşayan əhali, müəssisələr, təhsil ocaqları üçün daimi radiasiya-şüalanma mənbəyidir. Təəssüf ki, TV-lər tərəfindən radiasiya şüalanması üzərində dəqiq araşdırmalar aparılmır, məlumatlar verilmir. Bu, insanların sağlamlığı üçün ciddi və təhlükəli fakt ola bilsə də, barəsində ciddi tədbirlər görülmür.
Sizdən xahiş edirik, yaxın gələcəkdə "Space" TV-nin binasının mərkəzdən aralı yerləşdirilməsi üçün təşəbbüs edəsiniz və bütün digər TV-lərə bu məsələdə əsl vətəndaşlıq nümunəsi göstərəsiniz.
Hörmətli Sevil xanım!
Siz, müasirliyin böyük siyasət və dövlət xadimi, milli qürur və şərəf örnəyimiz Ulu Öndər Heydər Əliyevin layiqli övladısınız. Atanız Heydər Əliyev hər zaman, hər an xalqın yanında idi, onunla görüşürdü, dərdləşirdi, ehtiyaclarını, şikayətlərini dinləyirdi. Milli maraqların, xalqın, cəmiyyətin hərtərəfli inkişaf etməsinin qayğısını çəkirdi. Bütün həyatını, fəaliyyətini, bütün ömrünü, bacarığını və zəhmətini xalqına, doğma Azərbaycan vətəninin inkişafına həsr etmişdi.
Siz ictimai fəaliyyətinizlə, şəxsi keyfiyyətlərinizlə, həyatınızla belə yüksək dəyərlərdən uzaq olmadığınızı, əksinə onları öz geninizdə, əməlinizdə daşıdığınızı xalqımıza açıqlamısınız. Bundan sonra da dahi Heydər Əliyevin vətənə və xalqa olan sevgisini, cəfakeşliyini, səmimi və diqqətli münasibətini, milli və humanist ideyalarını yaşadın, daşıyın, həyata keçirin, insanlarımızın qayğıları ilə bir yerdə olun. Mən mediadan oxudum ki, Siz uzaq ölkədə yaşadığınızdan indiyə qədər "Space" kanalına ardıcıl baxa bilməmisiniz. Səhv etmirəmsə, ölkəmizin bütün televiziya kanallarını sosial şəbəkələrdən izləmək mümkündür. Xahiş edirik, bu kanalı daim izləyin ki, bir daha belə böhranlı duruma enməsin, hətta imkanınız olarsa, yeni kanal da yaradın ki, cəmiyyətimizin xidmətində layiqincə dayansın.
Çox sağ olun ki, əhalimizin televiziya kanallarından narazı olduğu bir vaxtda, Siz bu narazılıqları, mənfi rəyləri doğuran kanallardan birinin sədrini vəzifəsindən azad etdiniz.
Mən əvvəlki illərdə "Space" televiziyasında baş verənləri, yaradıcı və rəhbər heyətdə yol verilən nöqsanları, işçilərin konfliktlərini, özbaşınalıqlarını, peşəkarların kanalı tərk etməsini media saytlarından həmişə izləyirdim. Hətta bu kimi yazılarda kanalda narazılıq yaradan bəzi rəhbər şəxslərin, bərbad durumun səbəbkarlarının, verilişlərin səviyyəsini öz qazanc maraqlarına qurban verənlərin kimliyi də göstərilirdi, onlardan bəzilərini mən də tanıyıram. Həmişə də təəccüblənirdim ki, Sizin kimi nəcib, mədəniyyətli, təhsilli insan, tanınmış ictimai xadim, xalqını və vətənini böyük məhəbbətlə sevən tanınmış şəxsiyyət, ölkəsinin inkişafından və qələbələrindən həmişə vətəndaş qüruru və sevinci dəyərli ziyalı niyə "Space" TV-nin belə acınacaqlı, böhran durumuna qarşı həlledici tədbir görmür?
Nəhayət, ölkəmiz, əhalimiz və televiziya mədəniyyətimiz üçün bu qətiyyətli və ədalətli qərarınızı verdiniz. Buna görə mən də milyonlarla tamaşaçıya həmrəy olub, Sizə ürəkdən təşəkkür edirəm. Sizə ünvanladığım bu yazını səmimi tənqid və minnətdarlıq məktubu kimi qəbul etmənizi istərdim.
Amma xahiş edirəm, bu telekanalın rəhbərliyini və kontingentini heç olmasa bundan sonra doğru-düzgün seçməyə çalışın. İkinci səhv də eyni böhranlara, duruma səbəb olacaq. Onsuz da ölkəmizdə televiziya kanallarının rəhbərliyinə təyinatlarda indiyə qədər düz kadr seçimi aparılmayıb. Bu səhvin nəticəsi isə ölkəmizə, mədəniyyətimizə, tərbiyəmizə, televiziya xidmətimizə, əhalinin informasiya, bədii-estetik tələbatlarının təmin olunmasına mənfi təsir göstərib. Bu məsələnin düzgün və vaxtında həlli ölkəmiz, mədəniyyətimiz üçün, saf əqidəli və sağlam düşünə bilən cəmiyyətimiz üçün, intellektual və ədalətli sosiumun formalaşması üçün, milli ideologiyamızın qələbələri üçün, milli-mədəni dəyərlərin təbliği və yaşaması üçün, gənc nəsillərin düzgün mənəvi, peşə tərbiyəsi, mədəni yüksəlişi və vətənpərvərliyi üçün yetərincə vacib məsələdir, olduqca aktual milli problemdir.
"Space" TV amanatı.
Hörmət və ehtiramla.
Bakı şəhəri, 8 fevral, 2021".