Şahnaz Şahin

***

Dərdi içində məğrurcasına çəkənlər da var, dərd altında düz qaməti əyilənlər də. Dərdin arasına bükülənlər də, dərdi başından kal-kal tökülənlər də... İçib gedənlər də var, uçub gedənlər də... Ölüb ölməyənlər, ölə bilməyənlər, ölməyənlər və gözgörəti ölənlər də... Dərd ağır yükdür, onu kişicə daşımaq var bizim millətin qanında, canında... Şəxsi dərdini bürüb büküb bir küncə qoymağı və dar ayaqda vətən dərdinə şərik olmağı bacarır bizim xalqımız!...

Aliyev Asim Asəf oğlu Əsədli kəndində doğulub, 17 sentyabr 1998-ci ildə. 2005-2016-cı illərdə Əsədli kənd tam orta məktəbində təhsil alıb. Ailədə bir bacı və bir qardaş olublar, sevgi görüb, qayğı görüb ailəsində, qarşılığını da valideynlərinə ötürməyi bacarıb. Həqiqi hərbi xidmət vaxtı çatanda sevinə-sevinə xidmətə yollanmış, Sanqaçalda yerləşən “N” saylı hərbi hissədə, Azərbaycan Daxili Qoşunların tərkibində vətənə xidmət etmişdir. 2018-ci ildə də hərbi xidmət vaxtını başa vurub ailəsinin yanına dönsə də, hərbi sahəyə olan həvəsi onu təzədən geriyə qayıtmağa məcbur etmiş, elə xidmət etdiyi hərbi hissədə də MAXE kimi işləməyə başlamışdır...

Müharibə başlayanda Asim üç ay idi ki, artıq Sanqaçaldakı “N” saylı hərbi hissədə xidmət edirdi. İşğal altında olan doğma dorpaqlarımızın azad olunması fikri onu da gecə-gündüz rahat buraxmırdı. Ali Baş Komandanın əmri Asimin qisas hissilə alışan qəlbinə sanki su çilədi...

Təlim məqsədilə irəlicədən Füzuli bölgəsinə gələn Asim müharibə başlyayandan döyüşlərin qaynar yerində olmuşdur. O, zirehli maşın idarə edirdi, vətən borcunu layincə ödəməyə çalışıdı. Son dəfə anası Nurxanım ilə oktyabr ayının 13-də telefon əlaqəsi saxlayan Asim ürək-dirək verib anasına, tezliklə müharibənin Azərbaycan dövlətinin qələbəsi ilə sona yetəcəyinə əmin olduğunu bildirb və vidalaşıb...Cəmi bir gün sonra, 14 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən çətin döyüşlərin birində snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmişdir...

Asim Asəf oğlu Əliyev ölümündən sonra “Vətən uğrunda “ medalı ilə təltif edilmişdir.

Anası Nurxanım yeganə oğlunun ölümünə için-için ağlayır, amma bir təsəllisi var, o da qazandığımız qələbədir... Vətən sağ olsun deyir şəhid anası...

Subay idi Asim, həyatı hələ irəlidə idi, amma o, öz ömrünü sevdiyi Vətən üçün qurban verdi, qurban verdi ki, bir də nahaq qan tökülməsin, torpaqlarımız rahat nəfəs alsın, uşaqlarımız azad səma altında yaşasın, analar bir daha ağlamasın...

Hər gün qulağımı bir səs oxşayır,

Könlümə yüz boya çəkən çağırır.

Ruhunu Vətənin ruhuna qatan,

Canını bayrağa bükən çağırır...

MİA.AZ