Qadir İBRAHİMLİ
***
Tarif Şurasının üzvləri yenidən bazar günü toplaşaraq əhaliyə satılan içməli suyun bahalaşması ilə bağlı qərar qəbul edib.
Tarif Şurasının katibi Ceyhun Nəcəfov bildirib ki, son illər “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının coğrafiyası, fasiləsiz su təchizatının əhatə dairəsi genişlənib. Bunun nəticəsində də elektrik enerjisi və digər xərclər artıb: " Buna görə də artıq mövcud tariflə əldə olunan gəlir xərcləri qarşılamır və bununla bağlı dövlət büdcəsindən subsidiya ayrılır".
Rəhmətlik Siyavuş Aslanın sözü olmasın - məni gic bir gülmək tutdu. Adam, dövlət büdcəsindən 10 milyonluq əhalinin su təhcizatına 45 milyon dotasiya ayırmaq nə böyük xərcdir? Mərkəzi Bankın sədri Elman Rüstəmov özünə 450 milyonluq inzibati bina tikə bilir, 10 milyon əhalinin su təchizatına 45 milyon ayıranda başınıza daş düşür?
İkincisi, deməkdən yorulduq - dövlət şirkəti kommersiya şirkəti deyil ki, hər xidmətdən gəlir götürsün. O məntiqlə metroda gediş haqqını da 1 manat eləmək olar - çünki bir sərnişinin daşınma xərci 82 qəpikdir. Belə getsə onu da edəcəklər...
Üçüncüsü, guya əhaliyə keyfiyyətli su satırdınız ki, özünüzü lezvalayırsınız? Şəxsən mən içməli suyu özəl şirkətlərdən alıram - 20 litri 3 manata. Ayda içməli suya 30 manat xərcləyirəm - "Azərsu"ya da 10 manat...
Ənənəvi olaraq camaatın cibinə əl qoyurlar. Bir az əvvəl benzin bahalaşdı, indi su, sonra da yəqin ki, işıq, qaz bahalaşacaq.
Deyirik, karantin iqtisadi-sosial problemlər yaradıb - işsizlik və yoxsulluq artıb, köməksiz insanlara dəstək olur. Bunlar da dəstək olmaq əvəzinə qiymətləri bahalaşdırırlar - dövlətini cibi ilə öz ciblərini qarışdırıblar...
Mia.az