ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: atif.islamzade@mail.ru
***
“Azərbaycan xalq cumhuriyyəti” ideyasının ideoloqu, qurucusu və dövlət xadimi, eyni zamanda milli simvola çevrilmiş M.Ə.Rəsulzadə demək olar ki, bütün əsərlərində milli dövlət ideyasını əsas götürmüş, bu dövlətin necə qurulması şərtlərini də nəzəri-tətbiqi baxımdan diqqətə çatdırmışdır. Onun bu istiqamətdə yazdığı çox qiymətli əsərlərindən biri də təbii ki, “Əsrimizin Siyavuşu” əsəridir (Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. B.; Gənclik, 1991).
M.Ə.Rəsulzadə “Əsrimizin Siyavuşu” əsərini yazarkən nə üçün məhz “Şahnamə”dəki Siyavuş obrazının mifoloji və əfsanəvi surətini əsas götürmüşdür? Bunu tədqiqatçı bu şəkildə izah edir: “Fəqət İran «İliada»sının bu həzin dastanını mifologiyadakı rümuzu sezərək oxuyanda görünür ki, Siyavuş həqiqətdən çox şərə qarışmış bir rəmz tarixidir. Bu bir simvoldur.
Demək böyük mütəfəkkir Siyavuş obrazından əslində öz milli dövlət ideyasının əsaslarını izah etmək üçün istifadə edir. Qədim “Şahnamə” ilə öz müasir dövrü üçün çox böyük ustalıqla rabitə qura bilən, analitik bağlantı yaradan Rəsulzadə hətta gələcəyi də bu rəmz, bu simvol əsasında proqnozlaşdıra bilir. Öncə mifologiya, folklor xəzinəsindən istifadə edərək “Şahnamə”dəki Siyavuşu diqqətə çatdırır. Onun özünün iranlı, anasının turanlı olduğunu göstərir. Daha sonra Turana qaçan Siyavuş İranla Turanı birləşdirmək istəyir. Rəsulzadə açıq-aşkar göstərir ki, Siyavuş “Şahnamə”nin digər məşhur obrazı olan Söhrab kimi də deyil. O, hakimiyyət hərisliyindən uzaq, sevgi dolu bir qəhrəmandır. O, İran ilə Turanı (Türk məkanlarını) zor gücünə deyil, sevgi və barış içində bir ittifaqda birlədirmək istəyir. Ancaq məkrli qüvvələr həmişə olduğu kimi buna əngəl olur. Əfrasiyabın qardaşı Gərsivəz bu cinayətdə xüsusi olaraq iştirak edir. Nəticədə doğma dayısı tərəfindən edam olunur. Bununla da İran və Turan arasında qanlı müharibələr başlayır.
İran-Turan mövzusu xalq ədəbiyyatının və yazılı ədəbiyyatın geniş motivi olmuşdur. Bu motiv maraqlıdır ki, tarixi mənbələrdən daha çox ədəbi əsərlərdə folklor motivi olaraq iştirak edir. Azacıq düşünsək, xatırlayacağıq ki, xalq ədəbiyyatına, folklora söykənən böyük N.Gəncəvi də “Xosrov və Şirin” əsərində eyni motivdən istifadə etmişdir. Xosrov iranlı, Şirin turanlıdır. Təsadüfi deyil ki, Şirinin böyük bacısı Məhin Banu da özlərini Siyavuşun dayısı həmin Əfrasiyabın nəslindən hesab etməklə Şirinin turanlı olduğunu elan edir. Nizaminin “Xosrov və Şirin” əsərində Məhin Banu Şirinə öyüd verərkən Xosrov Pərviz haqqında deyir:
Əgər o aydırsa, biz günəşik,
O Keyxosrovdursa, biz də Əfrasiyabıq
(filoloji tərcümə H.Məmmədzadənindir).
R.Rzanın bədii tərcüməsində isə bu şəkildə səslənir:
Əgər o aydırsa biz aftabıq,
O Keyxosrov, bizsə Əfrasiyabıq.
M.Ə.Rəsulzadə məhz bu motivdən istifadə edərək Xalq Cümhuriyyətinin yıxılmasında Azərbaycana arxa duran Türkiyənin müxtəlif iftiralar və yalanlarla aldadılmasını göstərir. Azərbaycanın Siyavuş taleyini siyasi arenada təkrar yaşamasına səbəb olmasını bədii dildə yüksək səviyyədə əsaslandırır. O, yazır ki, “Gərsivəzlər Türkiyədəki Turançıları inandırdılar ki, Azərbaycanın fikri ayrıdır. İngiltərə, Fransa və Amerika ilə əlaqəsi var. Yanına gizli elçilər gəlir. Turan düşməni ermənilərlə barışır. İran ilə sıxışıb birləşir. Əcəm siyasəti yeridilir ( 7, 42).
Göründüyü kimi, milli dövlət dağıdılır. Ancaq milli dövlət ideyası dağıdıla bilməz. Rəsulzadənin qeyd etdiyi kimi “Bir kərə yüksələn bayraq bir daha enməz!” ( 7, 52).
M. Ə. Rəsulzadənin mili dövlət ideyasının davam edəcəyini, Azərbaycanın qurtuluş tapacağını, Türkiyənin və türklüyün Azərbaycanın yanında olacağını adına uyğun əminliklə bəyan etməsi bu gün onun nə qədər böyük millət sevdalı qiymətli şəxsiyyət olduğundan xəbər verir. Sadəcə inanmaq olmur ki, 1920-ci ildə bu qədər uzaqgörənliklə yüz il sönra gedəcək siyasi-ictimai proseslərdən xəbər vermək olar.
Rəsulzadə göstərir ki, İslam birliyi mümkün olmayacaq. Yəni bütün müslimanların bir dövlətdə birləşməsi artıq mümkün olmayacaq. Ancaq İslam ittifaqı mümkün olacaq! Bundan ötrü çalışmaq və mücadilə etmək lazımdır. Bu gün məhz Məhəmməd Əmin bəyin dediyi kimi İslam Əməkdaşlıq Təşkilatı mövcuddur ki, 1969-cu ildə yaradılmış, artıq 60-dan çox dövləti öz ətrafında birləşdirir. M.Ə.Rəsulzadə bu böyük qurumun yaradılmasını kişik bir Lahıc kəndində, təqib, təzyiq və həbs ehtimalı içərisində yazdığı əsərdə nə az, nə çox, düz 49 il qabaqlamışdır. Məhz İranın və Turanın belə bir birlikdə mövcud olacağını böyük mütəfəkkir bu şəkildə əsaslandırır: “Türklük, ərəblik, farslıq müştərək bir mədəniyyət küməsi meydana gətirmişdir. İslamlıq bu millətlər arasında müştərək bir mədəniyyət vücuda gətirmişdir”.
M.Ə.Rəsulzadə bu əsərində eyni ilə göstərir ki, Türk birliyi, Turan formasını dəyişib müasir dövrdə başqa şəkildə mövcud olacaq! Yəni bir dövlətdə türk dövləti ərazisi olmayacaq. Ancaq müstəqil türk dövlətləri meydana çıxacaq. Bu dövlətlər vahid bir Türk federasiyasında birləşəcək. Məhz bu da Çağdaş Turan olacaq! “Yeni Turan, mədəni birlik üzərində təsis edilib ancaq gələcək birər Türk hökumətlərinin federasyonu şəklində təsəvvür oluna bilər. Azərbaycan da bu gələcək Turan silsiləsinin mühüm bir halqasıdır”.
Beləliklə, Milli dövlət qurucusu, milli öndər, Şərqdə ilk respublikanın yaradıcısı və böyük mütəfəkkir M.Ə.Rəsulzadə “Əsrimizin Siyavuşu” əsərində milli dövlət ideyasını əsas etibarilə folklor əsasında təcəssüm etdirib, çox böyük ustalıqla ictimai-kütləvi auditoriyanın diqqətinə çatdırmışdır. İnanırıq ki, əsərdəki bütün ideya və ideallar bir gün gerçəkləşəcək, bütün dövlət təsisatları mütəfəkkirin göstərdiyi kimi qurulacaqdır. Bizim inamımız həm də ondan irəli gəlir ki, M.Ə.Rəsulzadənin bu əsərindəki müəyyən idealların bir qismi olduğu kimi reallaşmışdır.
Bu gün dünyada gedən siyasi-ictimai proseslər M.Ə.Rəsulzadənin Z.Gökalpa istinadən verdiyi monoton ahəngdar şüar kimi gerçəkləşəcəkdir:
Rusiya dağılıb viran olacaq,
Türkiyə böyüyüb Turan olacaq!
Mia.az