Şahnaz Şahin

****

Bu yol ağır yoldur, şəhiddən yazmaq elə sənin özünün də şəhid olmağınkimidi... Yaralandığı yerdən sən də yara alırsan, amma nə qan çıxır, nə də bunu görən olur. Bir özün, bir də Allah şahid olur çəkdiklərinə...

Bəlli telefon nömrəsinə zəng edirəm, o başdan kişi səsi mənə deyir ki, filan yerdə dayan gözlə adam göndərirəm.. Kür çayının üstündən keçən geniş körpüdən keçib xeyli gözləsəm də gəlməli olan kəs yubanır, ona görə axtarıb ünvanı özüm tapıram, bir qədər çətin olur, eybi yox.

Qapıda məni şəhid Elgizin atası Fuad qarşılayır, gəlişimə sevinir, yazacağımı biləndə dönə-dönə təşəkkür edir.. Beləcə Elgizin Cavad kəndində doğulub böyüdüyü, burdan əsgər getdiyi və elə şəhid olub gəldiyi evin həyətinə keçirəm. Həyətdə başqa heç kim gözümə dəymir, atası ilə birgə iki gənc oğlan da var, bunlar da yaxın qohumlarımdı deyir Fuad qardaş...

Abbaslı Elgiz Fuad oğlu-21 may 1998-ci ildə anadan olub.

Bir az qədim olsa da, təmiz və səliqəli evin Elgizin müxtəlif şəkilləri ilə bəzədilmiş bir otağına daxil oluram. Elə divardanca üzümə gülümsəyib, isti baxışları ilə sanki “xoş gəldin” deyir mənə Elgiz... Stol ətrafında oturub söhbətə başlayırıq, məlum olur ki, N.Nərimanov adına 2 saylı Şəhər tam orta məktəbi bitirən Elgiz ailənin yeganə oğlu, iki bacının bir qardaşı olub. 2016-cı ildə hərbi xidmətə yollanaraq, Tərtər rayonunda yerləşən “N”saylı hərbi hissədə topçu kimi xidmət göstərib. Tülkü dərəsi deyilən ərazidə sərhəddə yaxın yerdə keçib əsgərliyi...

Hərbi xidmətdən qayıdandan sonra rayon mərkəzində fəaliyyət göstərən iri mağazalardan birində işləməyə başlayıb, ta müharibəyə gedənə qədər.

-“Vətənpərvər oğul idi Elgiz”-deyir atası,- “belə böyütmüşdüm, belə tərbiyə vermişdim ona..”

...Düşmən məskən edib Vətən mülkünü,

Gərək viran qoyam onun yurdunu.

Güman göydə Allah, yerdə Ordumuz..

Qeyrətli oğullar çıxır meydana,

Arxamca bir ovuc su səp, ay ana...(Ş.Ş)

Fuad özü Kiyev şəhərində olub Elgizə çağırış vəsiqəsi gələndə, atasına zəng edərək cəbhəyə gedəcəyini bildirir. Özü də Birinci Qarabağ savaşında iştirak edən Fuad oğluna tərəddüd etmədən xeyir-dua verir. Beləcə Vətənin dar günündə vətəndaşı olmağa qərar verən bu gənc 27 sentyabrda, elə müharibənin birinci günü də cəbhəyə yola düşüb. Döyüş yolu Füzuli rayonu ərazisindən başlayaraq sonradan Cəbrayıl və Hadrut uğrunda qanlı döyüşlərlə davam edib.

Cəbrayıla gedən yolda içində iyirmi yeddi hərbi qulluqçu olan iki zirehli maşınla düşmənin pusqusuna düşərək ağır atəşə məruz qalırlar, bu zaman düşmən atəşi ilə vurulan birnci maşındakı əsgər yoldaşlarına kömək etmək üçün özünü birinci irəli atan da Elgiz olur. Maşından iki nəfəri xilas edərək kənara çıxarıb növbəti yaralıların ardıyca gedərkən partlayan mərmi qəlpəsi onun yaşamaq eşqi, Vətən sevgisi ilə dolu ürəyinə sancılaraq həyatı kimi arzularına da son qoyur...

Yazını hazırlayarkən şəhidin anasının oğlunun ölümündən gərgin psixoloji sarsıntı keçirdiyini öyrəndim, ona görə də yalnız onun atası ilə söhbət edə bildim...

Vətənin ağır günündə arxada olmağı özünə yaraşdırmayan, torpaqlarımızın azad olacağı günü illərlə arzulayan və onun səsinə ilk çağırışdanca səs verən Elgiz indi tək səni övladın deyil, ana, o öz canı ilə vətəni güllədən qoruyan cəsur döyüşçüdür və bir evin deyil, bir elin oğludur artlq...

08.10.2020-ci il Elgizin qanı ilə torpağı vətənə çevirdiyi gündür, indi onun məzarı Cavad kənd qəbristanlığını şərəfləndirir... Ölümündən sonra Elgiz Fuad oğlu Abbaslı“Vətən uğrunda” və “Cəbrayılın azad olunması uğrunda” medalları ilə təltif edilmişdir.

Mia.az