Samir FEYRUZOV 

***

Azərbaycanın ordusunun 44 gün ərzində Qarabağda apardığı anti-terror əməliyyatları təkcə işğal altında olan torpaqların azad edilməsi ilə nəticələnmədi, həm də regionda yeni və tarixi situasiyasının yaranmasına gətirib çıxardı. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında birgə bəyanatın imzalanmasının üstündən cəmi 35 gün vaxt keçir. Lakin Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları hazırda 10 noyabr bəyanatına zidd olan addımlar atmaqdadır.

Bu, özünü hansı hallarda göstərir?

1. Rusiya sülhməramlıları xəritə oyunları ilə məşğuldur

2. Atəşkəs pozulur

Öncə birinci məsələdən başlayaq…

Birgə bəyanata, sülhməramlı missiyasının fəaliyyətinə zidd olaraq Rusiya sülhməramlıları hər dəfə müxtəlif xəritələr hazırlayaraq Azərbaycanın suveren hüquqlarını kobud şəkildə pozur. Heç şübhəsiz, “sülhməramlı” adı altında xəritələrlə manipulyasiya etmək, sülhməramlı missiyasına zidd olan səlahiyyətləri kobudcasına aşmaq təkcə onların iradəsi daxilində olan məsələ deyil. Bəs anlaşılan nədir? Rəsmi Kreml birgə bəyanata və beynəlxalq hüquq normalarına zidd olaraq öz öhdəliklərini pozurmu? Əgər belədirsə, bu, ölkəmizin ərazi suverenliyinə birbaşa təhdiddir.

Rusiya bu mühüm amili unutmamalıdır:

Sülhməramlılar tərəfsiz olmalıdır, xüsusilə də, işğalçılıq siyasəti yürüdən Ermənistanın gücləndirilməsi, separatçı rejimin dirçəldilməsi mövqeyindən çəkinməlidir. Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Ortada beynəlxalq hüquq var. Beynəlxalq sülhməramlı missiyalar olmayan yerdə də Rusiya sülhməramlıları öz işini tərəfsiz və hüquq çərçivəsində həyata keçirməyi bacarmalıdır. Əks halda bu, beynəlxalq hüquq normalarını tapdalamaqdır.

MÜHÜM MƏQAM: Azərbaycan cəmiyyəti Rusiya sühməramlılarının Qarabağa gəlməsini alqışlarla qarşılamadı, bu məsələdə cəmiyyətin mövqeyi birmənalı olmadı. Bu günə qədər də Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti ilə bağlı xeyli sayda haqlı suallar ortadadır. Ona görə də “sülhməramlı” adı altında dəqiq təsvir olunmayan ərazilərlə bağlı ürəkləri istədiyi kimi xəritələr hazırlayaraq yeni bir skandala yol açmaq Rusiyaya başucalığı gətirməyəcək.

Əgər Rusiya “sülhməramlı” adı altında düşünürsə ki;

Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda da təkrarlaya bilərlər, yanılırlar. Azərbaycanın hazırkı mövqeyi, yaratdığı yeni regional reallıqlar, suveren hüquqları, sahib olduğu resurslar buna qətiyyən imkan verməyəcək.

Bütün dünya bunun şahidi olub:

Rusiya Krımı necə ilhaq etdi…!?

Bəs Donetsk, Cənubi Osetiya, Dnestryanı, Abxaziya işğala necə məruz qalıb? Şübhəsiz, “sülhməramlı” missiya adı altında bu torpaqların işğal və ilhaqı bu siyasətin həmişə uğurlu olacağı anlamına gəlməməlidir. Rusiya bu mövqeyindən çəkinməlidir. İmperializm siyasətinin “modern” variant hesab olunan “səssiz işğal” metodu Qarabağın başı üzəırində dumana çevrilə bilməz.

Biz nəyi unutmadıq?

- Keçmiş SSRİ özünü 366-cı motoatıcı alayını Qarabağa soxmuşdu. Nəticə göz önündədir. Xocalı faciəsi məhz bu alayın rəhbərliyi ilə həyata keçirilmişdi. Əgər Rusiya yenidən “sülhməramlı” adı altında “fərqli” situasiya yaratamaq niyyətindədirsə, 30 il ərzində baş verən regional dəyişiklikləri bir dərs kimi nəzərdə saxlamalıdır.

- 44 günlük müharibə dövründə Ermənistan silahları Rusiyadan alırdı. Bu, fakt olaraq alır. Bərdə, Gəncə və Tərtərdə onlarla mülki şəxs məhz Rusiyanın silahları ilə öldürüldü. Yüzlərlə insan məhz Rusiyanın silahları ilə yaralandı, minlərlə ev dağıdıldı, infrastruktur məhv edildi. Mülki əhalinin yaşadığı şəhərlərimizə atılan raketlər Rusiyanın Ermənistana davamlı olaraq verdiyi raketlər idi.

Rusiya təxrisalınmaz addımlar nəticəsində sülhməramlıların hazırladığı yöndəmsiz xəritəni dərhal dəyişməlidir.

İkinci məsələyə sözardı:

Bunu hər kəs gördü, elə Rusiyanın özü də… Ermən terrorçuları iş başındadırlar. Kəndlərdə? meşələrdə gizlənmiş erməni terrorçular  Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində əsgərlərimizə və mülki şəxslərə hücumlar təşkil etdilər. Nəticədə ölən və yaralananlar var. Bəs Rusiya sülhməramlıları hara baxır? Əgər erməni terrorçularının diversiya addımları davam edəcəksə, o zaman orada sülh necə qorunacaq? Və Azərbaycan bütün bunlara səssiz qalacaqmı? Xeyr! Azərbaycan bu barədə Rusiya sühməramlılarına da, Ermənistana da xəbərdarlıq edib. Belə davam edəcəksə, Azərbaycanın anti-terror əməliyyatları yenə də davam edəcək. Bundan sonra məsuliyyəti kimlər daşıyacaqsa, özləri bilərlər. Biz öz suveren hüquqlarımızı qorumaqda davam edəcəyik. Heç bir güzəşt olmadan!

Bəs Rusiya öz öhdəliklərini niyə pozur? Rusiyanı qıcıqlandıran nədir? Görünən budur ki, Rusiya məhz bu amillərə görə xəritə oyunlarına start verib:

- Dekabrın 10-da Bakıda möhtəşəm paradın keçirilməsi

- Paradda Türkiyə prezidenti R.T.Ərdoğanın iştirakı və tarixi nitqi

- Azərbaycan ordusunun daha güclü formada nümayişi

- Rusiyanın Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikanın nümayişi

Axı Rusiyanın Ermənistana verdiyi milyardlarla dəyəri olan silahları 44 günlük müharibədə məhv  etmişdik.

Rusiya üçün yeganə yol budur:

Rusiya Azərbaycanın maraqlarını öndə tutmalıdır. İstər qonşu dövlət kimi münasibəltərdə, istər regional fəaliyyətdə, istərsə də, sülhməramlıların missiyasında Azərbaycanın haqlı maraqları təmin edilməlidir.

Azərbaycana qarşı pomidor və alma “təzyiqi”

Məlumdur ki, məhz Bakıda parad keçirildiyi gün - dekabrın 10-da Rusiya Azərbaycandan pomidor və alma idxalını qadağan edib. Səbəb də budur: "zərərvericilərin müəyyənləşdirilməsi…”.

Rusiya bundan əvvəl Gürcüstandan, Moldovadan da şərab idxalını qadağan etmişdi, Belarusa “süd meharibəsi” elan etmişdi. Belarusun süd məhsullarının idxalı qadağan edilmişdi. Rusiya bir məqamı da unutmamalıdır: Azərbaycan Rusiyanın ən böyük pomidor təchizatçısıdır və Rusiyaya idxal olunan pomidorların 30 faizi Azərbycandan gəlir.

Bakıda keçirilən parada “cavab” olaraq kənd təsərrüfatı məhsullarına qadağa qoymaq ənənəvi, primitiv və yöndəmsiz üsuldur. Rusiyanın hər dəfə atdığı bu tip addımlar Azərbyacanda anti-Rusiya meyllərini daha da artıracaq. Təbii, Rusiya bunu gözəl dərk edir. Bəlkə başqa yolu da yoxdur.