Xeybər Göyyallı

***

Dil kütləviliyi , qarşılıqlı anlaşmanı təmin edən və xalqı birləşdirən əvəzsiz bir dəyərdir. Məhz bu səbəbdən də kütləvi auditoriya üçün hazırlanmış hər hansı bir mətn dil normativləri cəhətdən tam (texniki nöqsanlar bağışlanılandır) qüsursuz olmalıdır.

Qarşılıqlı anlaşma və kütləvi ünsiyyətin təmin edilməsinin ən vacib şərtlərindən, bəlkə də, ən birincisi, düzgün nitq və savadlı yazıdır Savadlı nitq və düzgün yazı birbaşa dil normativlərinə əməl etməklə bağlıdır. Çox təəssüflər olsun ki, kütləvi informasiya vasitələri sayılan televiziya, internet portalları , qəzet və s. dil normativlərinə lazımi səviyyədə əməl olunmur. Azərbaycan dövlətinin dilimizə göstərdiyi son dərəcə yüksək diqqət və qayğının qarşılığı kifayət qədər ödənilmir. Əvvəlki yazılarımda qeyd etdiyim kimi, peşə missiyasını dil materialları ilə həyata keçirənlərin bir çoxu hələ də dil normativlərinə “özfəaliyyət” prizmasından yanaşırlar. Belə düşüncə tərəfdarları dilin ümumxalq mülkiyyəti olduğunu unudurlar. Elə bu cür diletant yanaşmanın nəticəsidir ki, mediamız səhv və qüsurlarla doludur.

SÖZ YERİNDƏ OLMAYANDA...

Kütləvi informasiya vasitələrində ən geniş yayılan və bağışlanılmaz nöqsanlar, ilk növbədə, Azərbaycan dilinin incəliklərini bilməməkdən irəli gəlir. Fikrimizi oxucuların da vaxtaşırı televiziyalardan eşitdiyi, qəzet və internet portallarında rastlaşdıqları konkret nümunələrlə əsaslandıracağıq. Bəzi texniki məsələləri əvvəlcədən özüm üçün həll etmədiyimdən (nümunələrin surətini çıxarmadığımdan) gətirəcəyim misalların ünvanını məqsədli olaraq burada göstərmirəm. Ancaq onu da diqqətə çatdırım ki, gətirəcəyim konkret nümunələr və onların ünvanı qeyd dəftərçəsinə yazılıb. Bəlli səbəblərdən dil qüsurlarına yol vermiş kütləvi informasiya vasitələrinin adları bu məqamda qeyd edilmir. Amma faktlar ortadır. Keçək nümunələrə. Dahi sözünü ən çox televiziya verilişlərindən eşidirik . Bu sözü aparıcıların bir çoxu epitet kimi fərqinə varmadan harda gəldi işlədirlər. Televiziya aparıcılarının əksəri müsahibinin intellektinə, ictimai nüfuz və çəkisinə uyğun oldu, olmadı hər kəsə şamil edir. Dahi aktyor demək və yazmaq müsahib üçün mənəvi təhqir, aparıcı (jurnalist) üçün isə qəbahət sayılır. Aktyor istedadlı, bacarıqlı, yaradıcı ola bilər

Bəlkə də, çoxları baxıb, bir-iki il əvvəl televiziyaların birində “Möhtəşəm ördəklər” adlı bir kino nümayiş olunurdu. Doğrusu, kinoya baxmamışam, televizorun pultu ilə kanalı dəyişdirərkən təsadüfən rastlaşmışdım. Çox güman ki, əcnəbi kino olub. Heç ördəyə möhtəşəm demək olar?!

Televiziyaların birinin hər gün yayımlanan xəbərlər proqramının xanım müxbiri yol hərəkəti barədə hazırladığı ”Xanım, yoxsa bəy?” adlı reportajında deyir:”Cinsiyyətindən asılı olmayaraq heç kəs yol hərəkəti qaydalarını pozmalı deyil”. Bu məqamda cinsiyyət yox, cins(indən) sözü işlənilməlidir. Xüsusi olaraq hazırlanmış telesüjetin adında da bəy və xanım sözlərinin əvəzinə kişi və qadın demək və yazmaq daha doğru olardı.

2019-cu ildə meşələrdə bitən yabanı meyvələrin əhali tərəfindən istifadə olunması barədə hökumət tərəfindən bir qərar verilmişdi, sonradan tez-tələsik də ləğv olundu. Həmin vaxt söhbətgedən qərarı sabiq deputatlardan biri alqışlayaq demişdir ”... Axı meşədə bitən vəhşi meyvələr insanların nəyinə lazımdır?” Yazı-pozu adamı sayılan sabiq deputat rusdilli olduğundan vəhşi heyvanla yabanı bitkini fərqləndirə bilməmişdir.

Məlum səbəblərdən adını çəkmədiyim saytlardan birində dərc olunmuş sərlövhəyə diqqət edək: “ Kilolu xanımlar üçün dəbli geyimlər”. Beş cümlədən ibarət olan informasiya səpkili yazının iki cümləsində “kilolusu” və “kilolu” sözləri işlənilib.

Bu günlərdə saytların bir çoxunda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun simvolu (loqosu) altında “ Heyvan rifahının qida təhlükəsizliyində rolu” sərlövhəsi ilə bur yazı dərc olunmuşdur. Məqalənin sonundakı qeyddən də aydın görünürdü ki, yazını adıçəkilən elmi mərkəzin əməkdaşları hazırlayıblar. İradımız rifah sözünün yerində işlədilməməsi ilə bağlıdır. Rifah ərəb sözü olub, xoş güzəran, firavanlıq mənalarını ifadə edir. Bu sözü yalnız insana aid etmək olar. Xalqın rifahı, insanların rifahı demək və yazmaq olar. Təəssüflər olsun ki. bu səpkili informasiya və məqalələri bir çox redaksiyalar nəinki redaktə edir, korrektə olunmadan belə dərc edirlər. Hüquq-mühafizə orqanlarından göndərilmiş informasiyalara da eynilə yanaşılır. Bu informasiyalar da nöqtə-vergülünə toxunulmadan işıqlandırılır. 19 mart 2020-ci il tarixində bir çox saytlar “Şirvanda oğul atasını yumruqla qətlə yetirdi” sərlövhəsi ilə bir kriminal xəbər tirajlamışlar. Yuxarıda dediyimiz kimi, informasiya eyni mənbədən yayılıb, saytlar da heç nəyə toxunmadan xəbəri dərc ediblər. Belə qənaətə gəlinir ki, informasiya səpkili yazının sərlövhəsi də hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərində qoyulub. Axı redaksiyanın ən kiçik informasiyanın üzərində redaktə aparmaq ixtiyarı vardır. Yumruqla qətlə yetirmək olmaz, yumruqla öldürmək olar. Qətl isti və soyuq silahla törədilir.

Mətbuatda gündəlik yer alan kriminal olay və avtoqəzalarla bağlı informasiyalar bu və ya digər formada dil qüsurları ilə doludur. “Bakıda maşın piyadalara çırpıldı” – bu informasiya da bütün saytlarda eyni sərlövhə altında dərc olunub. Maşın daşa, divara, darvazaya və s. çırpılar, insanı isə vurar.

Şifahi nitq və mətbuatda yayım və yayın sözləri dolaşıq salınır. Yayım sözü yaymaq feilindən törəyib. Yaymaq feili səpələmək, dağıtmaq mənasını ifadə edir.Yayım sözünün leksik mənası yayım işi deməkdir. Televiziyanın da missiyası informasiya və bilgini hamıya yaymaq, hər kəsə bildirməkdir.

Dilimizdə yayınmaq, yayındırmaq, yayınma və s. sözlər də vardır. Televiziya verilişləri və internet portallarında televiziya yayımı əvəzinə, səhvən televiziya yayını ifadəsi işlənilir.

Tanınmış şəxslərin dilindən “səhhətimlə məşğulam” ifadəsini tez-tez eşidirik. Xəstələnmiş deputat, müğənni ,aktyor sağlamlığı ilə bağlı verilmiş sualın qarşılığında deyir: “ Hazırda xəstəxanadayam, sağlamlığımla məşğulam”. Bu ifadə çox işlənildiyindən artıq kütləviləşib. Ancaq unutmayaq ki, ictimaiyyətdə tanınan

şəxslərin hər hansı, o cümlədən bu ifadəni işlətməsi hələ onun doğruluğunu təsdiqləmir.

ƏCNƏBİ SÖZƏ EHTİYAC YOXDURSA...

Kütləvi informasiya vasitələrində yol verilən nöqsanlardan biri də ehtiyac olmayan alınma sözlərin işlədilməsidir. Nümunələrə diqqət edək: “ Nazirlərin görüşü ərəfəsində Yerevan provakativ addımlar atır”, “...bütün rezerv qüvvələr geri çağırılır”, “....AŞPA-nın deleqasiyasının rəhbərliyinin olduğu görünür”. “Çünki bizim məqsədimiz bu uşaqları cəmiyyətə adəptə etməkdir”. Göründüyü kimi, informasiyalar xarici mənbələrdən tərcümə olunub. Burada işlənilmiş provakativ, rezerv , deleqasiya və adəptə ( “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə adaptasiya sözü daxil edilmişdir) sözlərinin dilimizdə qarşılığı vardır. Uzun illərdir dilimizdə təxribat, ehtiyat , nümayəndə(lik) və uyğunlaşmaq sözləri işlənilir. Belə olan halda, əcnəbi sözlərə lüzum varmı?

Son illər mediada əcnəbi sözlərə meyil artıb. Bir çox sözlərin dilimizdə qarşılığı olduğu halda, heç bir ehtiyac olmadan əcnəbi sözlər işlədilir. Buna ən çox meyil göstərən gənc nəslin nümayəndələridir. Bir çoxlarına elə gəlir ki, əcnəbi sözləri işlətmək savad və dünyagörüşünün yüksəkliyindən xəbər verir. Məs. son illər master klas sözü mətbuatda özünə yer alıb. Azərbaycan dilində ustad dərsləri söz birləşməsi olduğu halda, master klasa nə ehtiyac var. Güman edirik ki, bu cür alınma sözləri işlədənlər əhatə dairəsindən bir qədər fərqli görünmək niyyəti güdürlər.

YAZI SƏRLÖVHƏDƏN BAŞLAYIR

Həcmindən asılı olmayaq, hər bir yazı sərlövhədən başlayır. Sərlövhə özlüyündə hər hansı kiçik bir informasiya və irihəcmli məqalənin reklamı və “çağırışıdır”. Etiraf edək ki, oxucu çox vaxt sərlövhəyə nəzər yetirdikdən sonra məqaləni oxumağa başlayır. Onu da səmimi qeyd edək ki, hazırlıqlı oxucu sərlövhəni dil normativləri cəhətdən saf-çürük edərək mətni qiymətləndirir. Əgər sərlövhə qüsurludursa, mətnin içərisində nədən bəhs olunması daha onu maraqlandırmır. Bugünkü mediamızda dərc olunan materialların sərlövhələri də nöqsansız deyildir. Nümunələrə diqqət yetirək.: “Azərbaycanlı icra başçısı yenidən yenə həbs olundu”. Burada, sadəcə, yenidən və yeni sözlərindən biri işlənilməli idi. İnternet portallarında rastlaşdığımız ikinci bir nümunəyə baxaq: “İraq qana büründü”. Qana bürünmək olmaz, qana boyanmaq olar.

Daha bir nümunə:”Onu COVİD-19-a yoluxdurmasından qorxan kişi qayınanasını boğdu”. Oxucu, sərlövhədəki fikri öz məntiqi sayəsində anlayır, ancaq cümlənin strukturu qüsurludur.

VERGÜL KİÇİK OLSA DA....

Dildə kiçik heç nə yoxdur. Ən kiçik saydığımız nöqtə və vergül belə fikrin doğru, dürüst çatdırılmasına xidmət edir. Bir çox müstəqil qəzet və saytların

əməkdaşlarının durğu işarələrinin işlənilməsi barədə adi təsəvvürləri belə yoxdur. Bu məqamda onlar barədə danışmaq niyyətində deyilik. Geniş nüfuz dairəsinə malik olan və cəmiyyət tərəfindən qəbul edilən bir çox saytlarda da çoxsaylı vergül səhvlərinə rast gəlinir. Tələb olunan yerdə yox, ehtiyac olmayan yerdə vergül qoyulur. İlə qoşması və ilə bağlayıcısından sonra vergül qoyulmaz. İlə qoşma və bağlayıcı funksiyasında çıxış edəndə-hər iki halda birgəlik məzmunu yaradır. Məs. Bu işdə səninlə tam şərikəm.(qoşma), Bakı ilə Gəncə Azərbaycanın qədim şəhərləridir(bağlayıcı).

Ən bağışlanılmaz hal isə “və” bağlayıcısı olan yerdə vergülün qoyulmasıdır. Və bağlayıcısı ilə bağlayıcısının sinonimi olub, söz və cümlələri bir-birinə birləşdirir. Məntiqlə birləşdirmə olan yerdə vergül ola bilməz. Vergülün funksiyası söz, söz birləşməsi və cümlələri bir-birindən ayırmaqdır.

Birmənalı olaraq mediada “məlumata görə” sözündən sonra vergül qoyulur.Məs.Məlumata görə hadisə axşam baş vermişdir. Bu cümlədə görə sözü qoşma olduğundan ondan sonra vergülə ehtiyac yoxdur.

“Görə” cümlədə bağlayıcı və ara söz funksiyasında çıxış edir. “Görə” qoşması yönlük halda işlənən sözlərə qoşulduqda səbəb-məqsəd məzmunu yaradır. Bu zaman görə sözündən sonra vergül qoyulmaz. Məs. El-oba camaatı atana görə sənə hörmət qoyurlar. ”Görə “ sözü fikrin mənbəyini bildirəndə ara söz (modal söz) olur, bu zaman ondan sonra vergül qoyulmalıdır. Məs. Deyilənə görə, bir zaman yer üzü su altında qalıb.

Sayt və bir çox çap mediasında harada görə sözü varsa, ondan sonra fərqinə varmadan vergül qoyulur.

SÖZ SƏHV YAZILANDA...

Bəzi sözlərin bitişik yazılmasında mübahisə olsa da, ancaq orfoqrafiya lüğətimizdə bitişik yazıldığı təsbit olunmuş sözlərin yazılışına birmənalı şəkildə əməl olunmalıdır. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə bugünkü və adıçəkilən sözləri doğru olaraq bitişik yazılıb. Adıçəkilən sözü mətbuatda səhv olaraq ayrı yazılır. Adıçəkilən sözü bir məfhumu ifadə edir və adətən, mübtəda və tamamlıqdan əvvəl işlənilir. Məs. adıçəkilən kitab və s.

Mətbuatımızda bugünkü sözü ilə yanaşı, bu gün sözü də səhvən bitişik yazılır. Bugünkü sözü bir vurğu ilə deyilir və bir məfhum ifadə etdiyindən bitişik yazılmalıdır. Bu gün sözü isə ayrı-ayrı vurğularla deyilir və iki müxtəlif məna (bu və gün) daşıdığından ayrı yazılmalıdır.

Bir çox saytlarda əməkhaqqı sözü səhvən ayrı yazılır. Əslində, əməkhaqqı bir vurğu ilə deyilib və bir məfhum ifadə etdiyindən bitişik yazılmalıdır.

Şayiə sözü səhvən şaiyə formasında yazılır. Bu səhv sözün deyilişdən (şaiyə) irəli gəlir.

Mətbuatda tez-tez rast gəldiyimiz səhvlərdən biri də hüquqi terminlər söz birləşməsidir. Bu cür yazılış kökündən səhvdir. Hüquq terminləri yazılmalıdır. Təəssüflər olsun ki, bu səhvə hüquq elminə aid xüsusi nəşrlərdə də yol verilir. Hüquqi əsas, hüquqi yardım yazılması doğrudur. Necə ki, dilçilik terminləri, kimya terminləri yazılır, eləcə də hüquq terminləri yazılmalıdır.

Mətbuatda içüzü sözü səhvən ayrı yazılır. Nümunəyə baxaq: Bəzi adamların, təəssüf ki, iç üzü gec açılır. Əslində, bu məqamda iç və üz sözləri birləşərək məcazi məna kəsb edir. Orfoqrafiya lüğətimizdə iç - üz yaxın və əksmənalı sözləri öz əksini tapıb. Məcazi mənada işlənilən içüzü sözünün də orfoqrafiyamızda yer alacağı şübhəsizdir.

Bu günlərdə yazılarımın birində tar-mar sözünü işlətməli oldum. Uzun illər yaddaşımda oturuşmuş tar-mar sözünü defislə yazdım.Yazan məqamda tar-mar sözündə dil normativlərinin açıq-aşkar pozulduğunun şahidi oldum. Tar-mar sözünün yazılışı defislə yazılan sözlərə dair müəyyənləşdirilmiş qaydalara əsla uyğun gəlmir.Tərkibində eyni sözün təkrarı, əksmənalı, yaxınmənalı olan sözlər və tərkibindəki sözlərdən biri və ya hər ikisi ayrılıqda heç bir məna ifadə etməyən sözlər defislə yazılır. Bu barədə nümunələrə baxaq: top-top, gülə-gülə (eyni sözün təkrarı): söz-söhbət, yorğan-döşək (yaxınmənalı) ; isti-soyuq, dərə-təpə (əksmənalı); adda-budda; kələ-kötür(tərkibindəki sözlərdən biri və ya hər ikisi ayrılıqda heç bir məna verməyən).Tar-mar sözünün yazılışı bu qaydaların heç birinə uyğun deyildir.Tarmar bir vurğu ilə deyilir və bir məfhum ifadə edir.Tarmar sözü qarışmış, qarışıq, nizamsız, dolaşıq mənalarını ifadə edir.Tarmar etmək isə dağıtmaq, viranə qoymaq mənasındadır. Belə olduğu halda, tarmar sözü defislə yazıla bilməz. Tarmar sözünün doğru yazılışının “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin növbəti buraxılışında təsbit olunacağına əminəm.

Tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan dili heç vaxt indiki qədər rəsmi dövlət dili hüququna malik olmamışdır. Bu geniş səlahiyyəti dilimiz dövlət müstəqilliyimizin bərpası sayəsində əldə etmişdir.

Azərbaycan dilinin min illərlə oturuşmuş,”daşlaşmış”, heç vaxtı pozulması mümkün olmayan qayda-qanunları mövcuddur. Məhz bu toxunulmaz və dəyişilməz dil normativləri sayəsində dilimiz öz varlığını bu günə kimi qoruyub saxlamışdır. Unutmayaq ki, Azərbaycan dili yalnız ünsiyyət və qarşılıqlı anlaşma vasitəsi deyil, o həm də böyük Azərbaycan mədəniyyəti, elm, ədəbiyyat və incəsənətinin yaradıcısı və qoruyucusudur.

Kütləvi informasiya vasitələri dilimizin inkişafına təkan verdiyi kimi, həm də onun güzgüsüdür.

Azərbaycan ədəbi dili xalqımıza xidmət edən, onu birləşdirən canlı və qarşılıqlı anlaşma vasitəsi olduğundan hər bir azərbaycanlı da onun təəssübünü çəkməli, inkişafı, təmizliyi və şəffaflığının qayğısına qalmalıdır.

MİA.AZ