Seymur VERDİZADƏ

***

Biz onlara borcluyuq. Bir ömür boyu onların borcunu ödəyə bilməyəcəyik. Axı bizdən fərqli olaraq, onlar Vətən qarşısındakı borclarını mallarıyla deyil, canlarıyla ödəyiblər...

Vətən Müharibəsi Azərbaycan xalqını yumruq kimi birləşdirdi. Torpaq uğrunda canını fəda edən şəhidlərimizi öz övladlarımız bildik, yaralıları doğma balamız kimi bağrımıza basdıq. Düz 44 gün 10 milyon ürək bir amal üçün döyündü.

Heç yadımdan çıxmaz, cəbhə bölgəsində yaşayan tanışım danışıb: “Bizim xanım evdə oturmağıma imkan vermir. Ayağımı qatlayıb beşcə dəqiqə nəfəsimi dərən kimi deyir get əsgərlərimizin çirkli paltarlarını al gətir, yuyum...”

Tovuzlu tələbə yoldaşımın sözləridir: “Müharibə vaxtı anamın həm də yaxşı aşpaz olduğunu kəşf etdik. Əsgərlərimiz üçün 44 gündə 44 dadda yemək bişirdi”.

Seymur Kərimov yadınızdadır? Doğulduğu kənd işğaldan azad olunandan sonra 100 qurban kəsib ətindən dadlı-tamlı yeməklər bişirtdirərək əsgərlərimizə göndərmişdi...

Mən hələ arıq canıyla bir ayda iki dəfə qan verən yaxın qohumumdan danışmıram...

Bu birlik və bərabərlik gələcəkdə də davam etməlidir. Şəhidlərimizin ailə üzvlərinə, qazilərimizin özlərinə göz bəbəyimiz kimi baxmalıyıq. Biz onlara borcluyuq. Həm də bir ömür boyu...

Səhər işə gələndə Gununsesi.info saytında maraqlı bir xəbər oxudum. Saytın yazdığına görə, 56 saylı Quba-Qusar dairəsindən Milli Məclisin deputatı Rafailov Anatoliy Xaimoviç şəhid kapitan Aqil Məlikovun ailəsinə yardım adı ilə duş geli, sabun və ətir yollayıb. Sayt “yardımın” fotolarını təqdim edib. Siyahıda aşağıdakı məhsullar yer alıb:

Buta duş gel

Buta şampun

L-Homme prada tester ətir (3ədəd)

Diva tester ətir

Sanitary antibakterial gel

Makaron və düyü

Saytın yazdığına görə, bağlama şəhidin ailəsi tərəfindən bir dəfə geri qaytarılıb, deputat təzədən göndərib.

Həzrət Əlinin sözüdür: “Sağ əlin verdiyini sol əl bilməməlidir”.

Gərək, deputat yoldaşın bağlaması müzakirə mövzusu olmayaydı. Bu cür məsələlər reklam predmeti ola bilməz. Üstəlik, şəhid ailəsinə sovqat göndərən adam bir qədər diqqətli olmalıdır. Hələ torpağı soyumamış şəhidin ailəsinə ətir göndərmək hansı məntiqə sığar? Heç gelin, ətirin, şampunun yeridir? 

Gərək, yaxşılığı elə edəsən ki, axırda “payın başına dəysin”, - deyib üstünə qaytarmasınlar...