Bu gün futbol üzrə Azərbaycanın birinci divizionunda 11-ci turun bəzi matçları baş tutub. Divizionun şəriksiz lideri "Araz-Naxçıvan" bu dəfə öz meydanında "Şuşa" komandasını sınağa çəkib.
Mia.az-ın xəbərinə görə, saat 15:00-da başlayan oyunda ilk qol özünü çox gözlətməyib. Oyunun 11-ci dəqiqəsində "qırmızı-ağlar"ın heyətində Elmin Çobanov naxçıvanlıların ilk qoluna imza atıb. Fasiləyə üstün yollanan Əsgər Abdullayevin yetirmələrinin ikinci hissədə hesabı artırmaq cəhdləri fayda verəyib - 1:0.
Bu qələbə sayəsində "Araz-Naxçıvan" xal ehtiyatını 31-ə çatdıraraq turnir cədvəlindəki liderliyini davam etdirib.
Turun digər oyunlarında da maraqlı hesablar qeydə alınıb. Şəmkirin eyniadlı təmsilçisi Mingəçevir "Energetik"ini minimal hesabla enməyi bacarıb - 1:0.
"Göyəzən" "ev"də "hərbçilər"i məyus edib - 3:1.
Tovuz təmsilçisi "Turan-T" doğma meydan amilindən yararlanaraq "Ağsu"dan 3 xalı 3 qolla qazanıb. İmişli təmsilçisi "Mil-Muğan" isə "ev"də "Lokomotiv"ə uduzub - 0:1.