Şahin Cəfərli,

politoloq

***

Co Bayden tanınmayan, bilinməyən adam deyil. 8 il vitse-prezident olub, etdikləri və etmədikləri məlumdur. Ən azı, mən bilən Azərbaycan hökumətinin bu 8 ildən ciddi narazılığı olmamalıdır  Müxalifətin və müxalif mövqelilərin narazılığı ola bilər, çünki Azərbaycandakı siyasi motivli təqiblərə, hətta ABŞ (Qərb) təşkilatlarının buradan çıxarılmasına Obama-Bayden hökuməti çox zəif reaksiya vermişdi.

İstəsələr, sərt reaksiya verərdilər və müəyyən əks addımlar da ata bilərdilər, Azərbaycan cəmiyyətinin müəyyən hissəsindən də bu addımlara dəstək alardılar. Bayden əgər doğrudan da ermənipərəstdirsə, həmin insan haqları pozuntuları faktlarından Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün əsas, yaxud bəhanə kimi istifadə edə bilərdi, amma etmədi.

Azərbaycanın ABŞ-dakı diplomatları və dostları Baydeni də, onun komandasını da, demokratları da çox yaxşı tanıyırlar, onlarla necə işləmək lazım olduğunu bilirlər.

Demokratların "ermənipərəst"liyinin hekayəsi isə budur ki, onlar ABŞ-dakı bütün azlıqlara (irqi, dini, seksual və s.) münasibətdə çox həssasdırlar. Təsadüfi deyil ki, ABŞ müsəlmanları və yəhudiləri, afroamerikalılar, Asiya kökənlilər, latinolar və digər əhali qrupları əksəriyyət etibarilə demokratlara səs verir. Ermənilər əsasən demokrat ştat Kaliforniyada məskunlaşdıqları üçün demokrat siyasətçilərə daha çox təsirləri var. Erməni lobbisinin Konqresdəki ən güclü adamı olan Adam Şiff buradan seçilir.

Amma ermənilərə yaxın görünən siyasətçilər əsasən Konqresdə fəallıq edirlər, ölkə idarəçiliyinin məsuliyyətini üzərlərinə götürəndə isə ölkə maraqları əsasında hərəkət edirlər. Vaxtilə Ter-Petrosyanın dediyi kimi, erməni lobbisinin gücü ABŞ-ın dövlət maraqları ilə toqquşduğu yerdə bitir. Məsələn, demokrat Klintonun 8 illik prezidentliyi ABŞ-Azərbaycan münasibətlərinin ciddi inkişaf dövrüdür. Hətta Klinton Heydər Əliyevi Vaşinqtona rəsmi səfərə dəvət etmişdi.

"Əsrin müqaviləsi" məhz Klinton administrasiyasının çox mühüm siyasi dəstəyi ilə imzalandı və gerçəkləşdi. Bədnam 907-ci düzəliş isə ata Buşun hakimiyyətinin sonlarında, ABŞ-da Azərbaycan haqda demək olar ki, hər hansı təsəvvürün olmadığı, Azərbaycanın da ABŞ-ı hələ yaxşı tanımadığı, orada iş aparmadığı dövrdə qəbul olunmuşdu.

ABŞ-da sistemin içindən çıxan, dövlət tərbiyəsi almış prezidentlər qurumlararası koordinasiyaya, o cümlədən Konqreslə sıx əməkdaşlığa önəm verdikləri üçün Konqresdə dövlət maraqlarına zidd hesab etdikləri təşəbbüsləri əngəlləyə bilirlər. Tramp kimi öz ölkəsinin tarixindən, ənənələrindən, siyasi sistemindən, mədəniyyətindən xəbərsiz olan hozu bunları bilmədiyi və anlamadığı üçün "erməni soyqırımı" məhz onun dövründə tanındı. (Deklarativ tanınmadır, ciddi problem deyil.)

Əlbəttə, bütün bunlar o demək deyil ki, erməni lobbisi Bayden dövründə Azərbaycana hər hansı problem yarada bilməz. Yarada bilər. Sadəcə, işləmək lazımdır. Digər tərəfdən, əminəm ki, ABŞ-da yeni hökumət fəaliyyətə başlayana qədər müharibə qələbəmizlə bitəcək.