Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, 07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub:
"Bu gün saat 16 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olmuş, yaşayış evinə isə ciddi ziyan dəymişdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir".