ATİF İslam oğlu İSLAMZADƏ

Filologiya üzrə fəlsəfə doktoru, dosent                                                                           

 e-mail: atif.islamzade@mail.ru

***

Bu yazını 2020-ci ilin fevralında sosial şəbəkələrdə paylaşmışdım. Allaha min şükür olsun ki, bu gün Azərbaycan və Türkiyə qardaşlığı daha böyük sevgi ilə müşaiət olunur. Yatmış yaddaş oyandısa, onun qarşısında heç bir qüvvə dayana bilməz! İnanıram ki, bu savaş sonuna qədər uğurla davam edəcək, Uca Allah xalqımıza zəfər nəsib edəcəkdir. Müzəffər olan yalnız Uca Allahdır!

Bu ilin fevral ayının 25-dən 26-na keçən gecə su çərşənbəsi idi. Elə bu gecə Xocalı gecəsini yad edəcəyimiz gecə idi. Su çərşənbəsini qanın su yerinə axan çərşənbə olaraq təsəvvür etmək çox çətindir. Təəssüf ki, bu çərşənbə bizə qanlı çərşənbədir. Yeni ildə tərif etdiyimiz Rusiyanın iki ay sonra vəhşilik etməsi və erməni birləşmələri ilə birləşib Xocalıda soyqırım törətməsi nəhayət bizə dərs olmalıdır. Xocalı Xoca olub bizə dərs keçməlidir. "Dədə Qorqud kitabı"nda deyildiyi kimi "Qarı düşmən dost olmaz!"

Bu xəyanətləri və cinayətləri ermənilərlə birləşən Rusiya zaman-zaman etmişdir. Biz bir ay sonra eyni mahiyyətdə olan Mart soyqırımını da qeyd etdik. Nəhayət bilməliyik ki, düşmənlərimiz kimdir və nə üçün bunu bizə edirlər. Çünki Türk dövlətinin inkişaf etməsini istəmirlər. Ancaq Türk birliyi bir gün bu cinayətlərə layiqli cavabını verəcəkdir. Azərbaycanda isə Xocalı qətliamının qeyd olunmasına 2-3 gün qalmış nədənsə gündəmdə 23 fevralı bayram kimi qeyd edənlərin sayı da xeyli artmışdı. Hətta köhnə sovet geyimlərində, xüsusilə əskər formasında şəkillərini də nümayiş edənlər gözə dəyirdi. Halbuki 20 yanvar qırğınının da, Xocalı qətliamının da törədilməsində, Qarabağ rayonlarının da alınmasında həmin qırmızı sovet ordusunun mühüm rolu olmuşdur.

Ən azından kiçik uşağa da məlumdur ki, Xocalı faciəsi Rusiyanın 366-cı motoalayının vasitəsilə həyata keçirilmiş, ermənilərə peşkəş edilmişdir. Bu necə toplumdur ki, öz qatilinin təbliğatından hələ də əl çəkmək istəmir. Onu ən çətin günlərdə rus və erməni soyqırımlarından xilas edən türklərə isə sevgi nümayiş etdirmək əvəzinə türk dilində danışmaqdan qıcıqlanır. Halbuki rus dilində danışmağı özünə şərəf bilir. İnanıram ki, bu toplum bir gün millət olub öz haqqının nə olduğunu yaxşı anlayacaq.

O zaman Xocalıdan alınan dərs doğru dərs olacaq. Məhz Qarabağ da, Xocalı da o zaman geri alınacaq. O zaman çox uzaqda deyil. Uca Allahdan möhtəşəm Türk Birliyinə qəzavat və zəfər, bu yolda şəhid olanlara şəhadət mübarəkliyi diləyirəm!

MİA.AZ